Bir neçə ay davam edən sınaqlardan sonra Audi axır ki, Paris avtosalonunda kompakt krossover SQ2-ni təqdim etdi. Bildirilir ki, SQ2 modeli də S3 ilə eyni güc qurğusu alacaq – 2-litrlik, 4-silindrli, 296 a.g. və 400 Nm fırlanma anı verən benzin mühərrik. O, 7-pilləli avtomat sürət qutusu və Quattro AWD tam ötürücü sistemlə birgə çalışacaq.
Yenilik 100 km/saata 4,8 saniyəyə sürətlənir. Bu, Audi S3 Sportback-dən 0,3 saniyə gecdir. Maksimal sürət isə elektronika vasitəsilə 250 km/saatda məhdudlaşdırılıb.
Təbii ki, SQ2 daha güclü əyləc sistemi, S-şəkillik qırmızı supportlar, 20 mm aşağı salınmış asılqan alacaq. Bu, krossoverin aerodinamikasını yaxşılaşdıracaq, döngələrə daha yaxşı girə bilməsini təmin edəcək.
Xarici görünüşə gəldikdə, SQ2 üzərində S yazısı olan yeni radiator barmaqlığı, böyük hava çıxıntılı qabaq bamper, diodlu faralar, 18- və ya 19-düymlük təkər diskləri dəsti alıb. Avtomobilin arxa hissəsi də yeni bamper, qaz buraxma sistemi üçün 4 boru və diodlu fənərlər alıb.